Lənkəranda maşın elektrik dirəyini aşırdı: 2000-dən çox abonentin işığı kəsildi
Lənkəranda yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Şağlaser kəndində qeydə alınıb. Lənkəran şəhər sakini, 1955-ci il təvəllüdlü Aydın Qurban oğlu Səlimov idarə etdiyi “VAZ-21074” markalı, 07 BD 366 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən qəfil idarəetməni itirib. O, maşını yolun kənarındakı elektrik dirəyinə çırparaq aşırıb. Xoşbəxtlikdən xəsarət alan olmasa da, güclü zərbədən minik avtomobili yararsız vəziyyətə düşüb.
Sürücünün sözlərinə görə, qarşı tərəfdən hərəkətdə olan minik avtomobili birbaşa onun üstünə gəldiyindən maşınını qaçıraraq yolun kənarına verib. Nəticədə isə yol qəzası qeydə alınıb.
Elektrik dirəyinin aşması səbəbindən 3 yaşayış məntəqəsinin 2000-dən çox abonenti 25-30 dəqiqə müddətinə işıqsız qalıb. Rayon Elektrik Şəbəkəsi əməkdaşlarının operativ müdaxiləsindən sonra evlərə elektrik enerjisinin verilişi bərpa olunub. Faktla bağlı araşdırma aparılır.