Səlim Müslümov: "Sosial ödənişlərdə hər hansı qənaətdən söhbət getmir"
"Ölkədə iqtisadi proseslərdə hansı dəyişikliklər olmasına baxmayaraq, sosial proqramlar tam şəkildə icra olunacaq. Prezident İlham Əliyevin dünənki müşavirədə dediyi kimi, buna heç kəsin şübhəsi olmasın".
APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib ki, ölkədə maaşlar, təqaüdlər və kompensasiyalar heç bir gecikmə olmadan ödənilir: "Biz Maliyyə Nazirliyi ilə birlikdə növbəti il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə edilən xərclərin maliyyələşməsi üzrə məsələlərə baxarkən hər hansı bir problemlə rastlaşmadıq və hər hansı bir qənaətdən söhbət getmədi".
Nazir qeyd edib ki, hazırda ünvanlı sosial yardımların verilməsi, avtomatlaşdırılması istiqamətində işlər yekunlaşdırmaq üzrədir. Proqram təminatlarının böyük hissəsi hazırdır: "Bu yaxınlarda onun təqdimatı reallaşdırılması istiqamətində ilk addımları atacağıq. Pilot rayonları seçəcəyik və orda tədqiqatına başlanılacaq".
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Gənclərin məşğulluğu üzrə siyasətlərin, proqramların və institutların qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. Tədbirdə aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların, Beynəlxalq Əmək Təşkilatının və MDB ölkələrinin nümayəndələri iştirak edir.