Bahar Muradova: “Parlament seçkilərini uğurla başa çatdıracağıq”

"Yeni Azərbaycan Partiyası noyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərinə ciddi şəkildə hazırlaşır. Bu gün Azərbaycanda iqtidarda olan siyasi qüvvə seçkilərə hazırlıq prosesinə heç zaman fasilə verməyib”. Bu fikirləri APA TV-yə müsahibəsində Milli Məclisin vitse-spikeri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Bahar Muradova deyib.

 

"Hesab edirəm partiyalar və ictimai qurumlar seçkilərə hazırlıqlarını artıq başa çatdırmalıdırlar ki, aktiv fazaya keçdikdə, bu, işin gedişinə öz müsbət təsirini göstərsin. Hazırda ölkədə normal mühit mövcuddur, qanun çərçivəsində hər bir namizəd öz imkanlarını, nəyə qadir olduğunu, hansı sosial bazaya malik olduğunu, xalqa nə demək istədiyini, nə deyə biləcəyini ortaya qoya biləcək. Biz növbəti parlament seçkilərini uğurla başlayıb, onu uğurla da başa çatdıracağıq”.

 

Beynəlxalq təşkilatların Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərinə münasibətinə gəlincə, Bahar Muradova hesab edir ki, Azərbaycan yenə də dünyanın diqqət mərkəzində olacaq.

 

"Kimlərsə həqiqi mənada yeni parlamentin formalaşması prosesinə sağlam maraq göstərir, kimlərsə də başqa maraqlarını bu prosesdə gerçəkləşdirmək məqsədi güdür. Bütün bunlar da onların çağırışlarında özünü büruzə verir. Ona görə də biz tənqiddən və tərifdən fikrimizi dəyişmək niyyətində deyilik”.

 

Vitse-spiker bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlara rəsmi şəkildə müraciət göndərərək parlament seçkilərini müşahidə etməyə dəvət edib. 

Müəllif | Apa.Tv
Apa.tv