Cəlilabad sakini su quyusu qazdırdı, yerdən çoxlu küp çıxdı - SÜRPRİZ

Cəlilabad sakininin həyətyanı sahəsindən qədim dövrlərə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, rayonun Adnalı kənd sakini Natiq Abbasov həyətində  su quyusu qazdırarkən torpağın alt qatından müxtəlif növ küplər və insan sümükləri  üzə çıxıb. Qazıntı dərinləşdikcə ərazidən  üzə çıxan əşyaların sayı da çoxalıb.

 

Müxtəlif ölçülərdə olan küplərdən 4 ü məişət, 1-i  isə böyük olduğu üçün təsərrüfat küplərinə bənzəyir. Bu küplərin insan məzarında yerləşdirilməsi isə qədim insanların axirət inancı ilə  əlaqəli ola bilər. Bundan başqa insan sümüklərinin ətrafında xeyli sayda xırda muncuqlar və zinət əşyaları da tapılıb.

 

Yerli tarixçilərin qənaətinə görə, bəzək əşyalarının  xüsusi rənglə boyadılması, eləcə də onların üzərində  müxtəlif naxışların olması antik dövrdə bu ərazidə sənətkarlığın yüksək inkişafından xəbər verir. Eradan əvvəl 4-3-cü minilliyə aid olduğu ehtimal olunan bu maddi-mədəniyyət nümunələri araşdırılması üçün  Cəlilabad Rayon Tarix və Diyarşünaslıq Muzeyinə təhvil verilib. Ərazinin geniş şəkildə tədqiq olunması üçün yaxın günlərdə buraya xüsusi arxeoloji ekspedisiyanın gəlməsi gözlənir.

 

 

 

Müəllif | Apa.Tv