Xorvatiya millisinin baş məşqçisi işdən qovuldu

2016-cı il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda xal itirən Xorvatiya millisi baş məşqçisiz qalıb. APA TV-nin məlumatına görə, millinin 43 yaşlı baş məşqçisi Niko Kovaç vəzifəsindən kənarlaşdırılıb. Xorvatiyanın Futbol İttifaqı son iki oyunda 5 xal itirən millinin baş məşqçisinin işinə son verildiyini açıqlayıb.

 

Xorvatiya millisi Avropa çempionatının seçmə mərhələsinin son iki oyunda bir heç-heçə edib və bir məğlubiyyətə üzülüb. Xorvatların Bakıda Azərbaycan millisinə qarşı oyununda hesab açılmayıb. Bunun ardınca, xorvatlar səfərdə Norveç yığmasına məğlub olub - 2:0.

 

Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker boş qalan baş məşqçi postuna namizədlərlə danışıqlar aparır. Maraqlıdır ki, namizədlər arasında Azərbaycan millisinin xorvatiyalı baş məşqçisi Robert Prosineçkinin də adı çəkilir. Yeni baş məşqçi sentyabrın 21-də məlum olacaq.

 

Xorvatiya millisi 8 turdan sonra H qrupunda üçüncü yeri tutur. Xorvatlar İtaliya millisindən 4, Norveç yığmasından isə 2 xal geridədir. Onlar növbəti oyunları evdə Bolqarıstan, səfərdə Malta yığmasına qarşı keçirəcəklər.

 

Qeyd edək ki, Niko Kovaç milliyə 2013-cü ilin oktyabrından başçılıq edir. Onun rəhbərliyi ilə Xorvatiya yığması 2014-cü il Dünya çempionatının final mərhələsinə yüksəlib. 

Müəllif | Apa.Tv
Apa.tv