Moskva polisi "Allah"ı həbs etdi: milyonlar, nadir heyvanlar, pornodisklər - VİDEO
Moskva polisi özünü Allah adlandıran şəxsi həbs edib. APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, "Kuzya" ləqəbli şəxsin nəzarətində olan yeddi evdən külli miqdarda pul, dini ədəbiyyat və ekzotik heyvanlar aşkarlanıb.
"Kuzya Allah"la bərabər onun "əshabələri" də yaxalanıb. Tutulan şəxslər qeyri-qanuni dini sektalar yaratmaqla insanları aldatmaqda təqsirləndirirlər.
Maraqlı burasıdır ki, bu şəxslər ilk dəfə deyil hüquq-mühafizə orqanları tərəfindən saxlanılırlar. Ötən il də "Kuzya Allah"ın evindən xeyli miqdarda pul və nadir heyvanlar götürülüb. Onların arasında Avstraliya yexidnası, armadil adlı zirehli heyvan, danışan tutuquşular aşkarlanıb. Bu heyvanların əldə olunması və saxlanılması beynəlxalq konvensiyaya görə qanunsuzdur. Heyvanlar zooparka təhvil verilib.
Özünü "Kuzya Allah" adlandıran Andrey Popov nəzarət etdiyi mənzillərdə ətrafına adamlar toplayaraq bəzi "dini ayinlər" təşkil edib. O, daha çox insan cəlb etmək üçün hətta reklam broşürləri də çap etdirib. Mənzillərdən xüsusi proqramlar yüklənmiş kompüterlərdən tutmuş, uşaq pornoqrafiyası köçürülmüş disklər də tapılıb.
Axtarış zamanı aşkar edilən vəsaitin məbləği isə fantastikdir. Popovun evindən çamadanlara doldurulmuş 240 milyon rubl və 150 min ABŞ dolları götürülüb.