Ağcabədidə ehtiyatda olan hərbçilərin hərbi toplanışı keçirildi

Ağcabədinin Taxtakörpü qəsəbəsində Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatda olan keçmiş hərbçilərin hərbi toplanışa çağırışı ilə bağlı tədbir keçirilib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, laçınlı məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı qəsəbədə təşkil olunan toplantıda Ağcabədi və respublikanın müxtəlif şəhər və rayonunda məskunlaşan 2000 nəfərədək laçınlı gənc cəlb olunub.

 

Tədbirdə iştirak edən Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini Abdulla Qurbani bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən, ehtiyatda olanların hərbi toplanışa çağırılması yekunlaşmaq üzrədir.

 

Hərbi toplanışa cəlb olunması nəzərdə tutulan 6000 nəfər ehtiyatda olan hərbçi yaşadıqları rayonlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şöbələrində qeydiyyatdan keçiblər.

Müəllif | Apa.Tv