Qaxda Hacı Muradın məzarı yaxınlığında narkotik becərənlər həbs edildi
Şimali Qafqazın əfsanəvi qəhrəmanı Hacı Muradın Qax rayonundakı məzarı yaxınlığında narkotik tərkibli bitki becərən Balakən rayon sakinləri saxlanılıb.
APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin qanunsuz əkib-becərilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.
Rayonun Tanqıt kəndi yaxınlığında, Hacı Muradın məzarından 50-60 metr məsafədəki meşə zolağında kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkar edilib. Əməliyyat nəticəsində Balakən rayonunun Hənifə kənd sakinləri - Namir Xalid oğlu Məmmədov, Elçin Qüdrət oğlu Rəsulov və Həsənov Rafiq Abdurəhman oğlu ərazidə qanunsuz əkilmiş narkotik tərkibli bitkiləri suvararkən yaxalanıblar. Qax Rayon Polis Şöbəsi əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə ərazidən ümumi sayı 50 ədəd olmaqla, 4 kq 430 qram çəkidə çətənə bitkisi kollarını yığılaraq maddi sübut kimi istintaqa təhvil verilib.
Hər üç şəxs barəsində Qax rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.