Bakıya buraxılmayacaq rayon avtomobilləri üçün duracaqlardan REPORTAJ

Sentyabrın 15-dən başlayaraq rayon qeydiyyatında olan minik avtomobilləri gündüz saatlarında paytaxta buraxılmayacaq.

 

APA TV-nin xəbərinə görə, bu qayda şəhərin cənub və şimalında duracaqlar istifadəyə veriləndən sonra tam qüvvəyə minəcək. Yeni duracaqların tikintisi isə artıq başa çatmaq üzrədir.

 

Bakıya ən çox avtomobil axını şimal istiqamətdən gəlir. Biz hazırda Bakı-Sumqayıt yolunun 16-cı km-də yeni tikilən duracaqdayıq. Burada 630 avtomobilin asanlıqla park edilməsi mümkün olacaq. Dayanacağın ümumi sahəsi isə 2,8 hektardır.

 

Burada bir inzibati bina, iaşə obyekti və sanitar qovşaqlar mövcuddur. Duracağın girişində xüsusi mühafizə binası tikilib, bir neçə yerdə videokameralar quraşdırılıb ki, bununla da duracaqda olan avtomobillərə tam nəzarət təmin ediləcək. Hazırda ərazidə tikintinin 90%-i icra edilib. "Azəryolservis" ASC tərəfindən yola asfalt döşənib. Ərazi tam hasara alınıb.

 

İş icraçılarından öyrəndik ki, ərazinin işıqlandırılması üçün artıq elektrik xətləri də çəkilib. Qışda havaların soyuq keçməsini nəzərə alıb inzibati binada olan gözləmə zalında istilik sistemi quraşdırılıb. Duracaqda müvəqqəti gözləyən qadınlar və azyaşlıların dincəlməsi üçün ayrıca otaq inşa edilib.

 

Bakı-Sumqayıt yolunda tikilən duracaqdan fərqli olaraq, paytaxtın cənub qapısında -Bakı-Ələt yolunun 14-cü km-də, Lökbatan dairəsinin yaxınlığında yerləşən inşa edilən duracaq bir qədər kiçik tutuma malikdir.

 

Paytaxtın cənub girişində salınan duracaq 1,95 hektar ərazinin üzərində inşa edilib. Burada gün ərzində təqribən 468 avtomobilin saxlanılması mümkün olacaq.

 

Burada tikilən duracaqda da yeməkxana və kommunal xidmət obyektlərinin tikintisi tamamlanmaq üzrədir. Bu ödənişsiz duracaqlar xidmət obyektləri də daxil olmaqla, sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillər üçün istifadəyə veriləcək.

 

Duracağın baş planına əsasən, burada inşa edilən gözləmə zalında 50 oturacaq quraşdırılacaq ki, bununla da sərnişinlər müvəqqəti gözləmə dəqiqələrində bu zaldan rahatlıqla istifadə edə biləcəklər.

 

İctimai iaşə binasında sürücü və sərnişinlərin çay, kofe və yemək sifariş etməsi üçün kafe, lazımi tibbi xidmətin göstərilməsi üçün tibb otağı, duracaqda xidmət aparacaq yol polisinin əməkdaşları üçün iki xidməti otaq, sanitar qovşaqları tikilir. Duracağın su anbarında da işlər yekunlaşmaq üzrədir.

 

Avtomobillərin park ediləcəyi ərazidə hazırda asfalt örtüyünün çəkilməsi prosesi gedir. Sürücülərin diqqətinə bir daha çatdırmaq istəyirik ki, duracaqlardan istifadə tam pulsuzdur. Yəni heç bir ödəniş etmədən avtomobillərini burada park edə bilərlər.

 

Paytaxta gəlmək üçün isə hər bir duracağın yanından əvvəlcədən müəyyən olunmuş avtobuslar fəaliyyət göstərəcək.

 

Üçüncü ən böyük duracaq isə Müşfiqabad qəsəbəsində inşa ediləcək. Hazırda dayanacağın layihələndirilməsi və yerinin müəyyən edilməsi işləri aparılır. Həmin ərazidə tikinti işlərinə şəhərin şimal və cənub girişində duracaqlar istifadəyə veriləndən sonra başlanacaq.

 

Xatırladaq ki, baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacağını, bu avtomobillərin şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılacağını bildirib. Rayon qeydiyyatında olan avtomobillər gecə saat 24:00-dan səhər saat 7:00-a qədər Bakıya daxil ola bilərlər. Yalnız içərisində əlil və xəstələrin olduğu avtomobillərin müvəqqəti buraxılışına icazə veriləcək.

 

Müəllif | Apa.Tv