Azərbaycandan ilk zəvvar qrupları Həccə getdi

Azərbaycandan Həcc ziyarətinə zəvvarların ilk qrupları yola düşüb. APA TV-nin xəbərinə görə, mərhələ ilə keçiriləcək səfərlər sentyabrın 15-ə kimi davam edəcək.

 

Qafqaz Müsəlmanları İdarəsinin işlər müdiri Hacı Həmdulla Babayev bildirib ki, bu gün artıq müqəddəs Həcc missiyası başlanır: "Ayın 11-dən mütəmadi olaraq ayın 15-ə kimi Mədinə şəhərinə gediş başlanır, sentyabrın 29-da isə geri dönmə. Hacılarımız tam məlumatlandırılıb, onlara kurslar keçirilib. Demək olar ki, bütün sahədə həkim briqadaları ilə təmin olunub. İnşallah, sağ-salamat gedib xalqımıza, elimizə, ölkəmizə dua edib sağ-salamat qayıdacaqlar".

 

Zəvvarlar 50 qrupa bölünüblər və hər qrup 45-50 zəvvardan ibarətdir. Uçuşlar qruplar üzrə olacaq. Təbii ki, Həccə ilk dəfə gedənlər çox həyəcanlı görünürdülər.

 

- Məşhəddə, Kərbəlada olmuşam. Həcc ziyarətinə ilk dəfədir gedirəm. Getməyənlərə nəsib olsun. Həyəcanlıyam.

 

- Birinci dəfədir. Getməyənlərə qismət olsun.  Dostlarım da yola salmağa gəlib. Gedənlər var, getməyənlərə qismət olsun.

 

- Gözəl bir məkandır, Adəm Peyğəmbər üçün tikilmiş ibadət yeridir. Müqəddəs bir torpaqdır. Ölkəmizə əmin-amanlıq arzu edəcəyik. Duamız ilk o olacaq. 

 

- Mən 7-ci dəfədir gedirəm. Bütün  müsəlmanlara nəsib olsun!

 

Qeyd edək ki, bu il Azərbaycandan 2400 zəvvar Həcc ziyarətinə gedəcək. Heydər Əliyev Beynəlxalq Aeroportundan ilkin olaraq 4 qrupdan ibarət bir təyyarə havaya qalxıb. Gün ərzində daha 3 reysin uçması planlaşdırılır. Uçuşların ilk və son günündə yalnız "VİP zəvvarlar" üçün ayrılmış təyyarələr uçacaq.

Müəllif | Apa.Tv
Apa.tv