Yaponiyada bir neçə şəhəri sel yuyub apardı - VİDEO
Yaponiyada sel və daşqınlar davam edir. APA TV-nin "Vesti.ru"ya istinadən məlumatına görə, su basmış şəhərlərdə on minlərlə insan evlərin damına çıxaraq nə vaxt xilas ediləcəklərini gözləyirlər.
Ölkənin şərq sahilləri yenidən iki qasırğanın hücumuna məruz qalıb. 3 nəfərin öldüyü, çoxlu sayda insanın itkin düşdüyü bildirilir. Fəlakətdən ən çox zərər görən bölgə Tsukubumiraidir. Bu bölgədəki yaşayış məntəqələrində hərbçilər insanları rezin qayıqlarla təhlükəli ərazilərdən evakuasiya edirlər. Onların arasında qocalar və uşaqlar da var.
Fəlakət bölgəsinin üzərində helikopterlər vəziyyətə nəzarət edirlər. Helikopterlərdə olan xilasedicilər evlərin damına çıxan insanları ərazidən uzaqlaşdırırlar. Bölgədəki çayların daşması nəticəsində bəzi ərazilərə çatmaq çətinləşib. Həmin yerlərdə yüzlərlə insanın kömək gözlədiyi bildirilir. Xilasedicilərin suyun çəkilməsini gözləməkdən başqa çarələri yoxdur.
İki həftədir yağan aramsız yağışlar ölkənin şimal-şərqində daşqınlara səbəb olub. Qasırğa ilə müşayiət olunan əlverişsiz hava şəraiti isə təbii fəlakətə gətirib çıxarıb. Artıq bir neçə şəhəri sel sularının tamamilə yuyub apardığı bildirilir.