Narkotik aludəçisi oğru çıxdı
Masallı polisi narkotik aludəçisi olan şəxsin izinə düşüb.
Masallı Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Elçin Fərəcovun APA TV-nin cənub bürosuna verdiyi məlumata görə, rayonun Musakücə kənd sakini, əvvəllər iki dəfə məhkum olunmuş, 36 yaşlı Emin Qurbanqulu oğlu Qurbanov şübhəli şəxs qismində saxlanılıb.
Baxış zamanı onun üzərindən istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq olan 9 qram çəkidə heroin aşkar edilərək götürülüb. İstintaqın gedişi zamanı Emin Qurbanovun digər əməlləri də üzə çıxıb.
Masallı RPŞ-nin istintaq bölməsinin rəisi Elçin Fərəcov bildirib ki, E.Qurbanov cari il ərzində Masallı rayonu ərazisində bir neçə şəxsi evlərin pəncərəsini dəmir parçası ilə sındıraraq müxtəlif sayda qızıl-zinət əşyaları, mobil telefonlar oğurlayıb.
Saxlanılan şəxs istintaqa ifadəsində narkotik istifadəçisi olduğunu, oğurladıqları əşyaları dəyər-dəyməzə sataraq narkotik maddə aldığını boynuna alıb.
Faktla bağlı Masallı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.