Astanada Türk sammiti keçirilir
Azərbaycan prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirak etmək üçün Qazaxıstana işgüzar səfərə gedib.
APA TV-nin xəbərinə görə, prezident Astanada Qazax xanlığının yaranmasının 550 illik yubileyinə həsr olunan tədbirlərə qatılıb.
Astanada Müstəqillik Sarayında keçirilən tədbirdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax xalqını təbrik etdikdən sonra xarici qonaqları, o cümlədən Azərbaycan və Qırğızıstan prezidentlərini salamlayıb. O bildirib ki, dil və mədəni bağlar Şimal Buzlu okeandan Aralıq dənizinə qədər olan ərazilərdə yaşayan türk xalqlarını bir-birinə birləşdirir: “Böyük türk ölkəsi ümumi əcdadlarımız, qəhrəmanlarımız və ümumi mənəvi zənginliyimizdir və hamımızın ümumi vətənidir”.
Azərbaycan və Qazaxıstan prezidentlərinin ikitərəfli görüşündə iki ölkə arasındakı münasibətlərin inkişaf səviyyəsindən razılıq ifadə olunub.
Nursultan Nazarbayev bildirib ki, qardaş xalqlar olan Azərbaycan və Qazaxıstanı əsrlərdir dostluq münasibətləri birləşdirir. Öz növbəsində Azərbaycan prezidenti qardaş Qazaxıstana səfərindən məmnun olduğunu, habelə ikitərəfli münasibətlərdə qarşılıqlı anlayışın olduğunu vurğulayıb. İlham Əliyev həmçinin qazax xalqını Qazax xanlığının yaranmasının 550 illiyi münasibətilə təbrik edib.
Astanada həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V sammiti keçirilib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev toplantıda çıxış zamanı deyib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası BMT və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi status əldə etməlidir.
Azərbaycan prezidenti İlham Əliyev isə bildirib ki, türkdilli dövlətlər üçün ümumi telekanal yaradılması hazırda reallaşdırılan yaxşı layihədir. Bu, türk xalqları arasında dostluğun möhkəmləndirilməsinə xidmət edəcək və informasiya siyasəti aparılmasına imkan verəcək.
Qeyd edək ki, sammitdə Azərbaycan və Qırğızıstan prezidentləri, Türkiyə Böyük Millət Məclisinin sədri və Türkmənistan baş nazirinin müavini iştirak edirlər.