Baş rejissor: “Mən "Azdrama"ya qalmaqal yatırmağa gəlməmişəm”

Bu gün Akademik Milli Dram Teatrında 143-cü teatr mövsümünün açılışı ilə bağlı mətbuat konfransı keçirilib.

 

APA TV-nin məlumatına görə, konfransda jurnalistlərin suallarını teatra yenicə baş rejissor və bədii rəhbər təyin olunmuş Azər Paşa Nemət cavablandırıb.

 

Baş rejissor qeyd edib ki, teatrın aktyor və texniki heyəti keyfiyyətli tamaşalar hazırlamağa imkan verir: “Mən bura qalmaqal sakitləşdirməyə gəlməmişəm. Məqsədim teatrı əvvəlki zirvəyə çatdırmaqdır.  Çalışacağam, hər şeyi sülhlə həll edək. Sülh olmasa, işlər alınmayacaq. Belə mühitlə teatr olmaz”.

 

Azər Paşa Nemət qeyd edib ki, teatrda yaradıcı atmosferin inkişaf etdirilməsinə çalışacaq: “Çalışacağam ki, aktyor heyətinin potensialını qaldırım. Əvvəllər tək öz tamaşalarıma cavabdeh idimsə, bundan sonra bütün tamaşalara cavabdeh olacağam. Bu teatrda yararlı tamaşalar da var, yararsız tamaşalar da. Yararsız tamaşaları repertuardan çıxaracağıq. O da ola bilər ki, vaxtilə oynanılan yaxşı tamaşaları bərpa edək. Məsələn, mənim “Hamlet” tamaşam repertuardan çıxarılıb. Elə tamaşa tarixdə olmayıb. Başa düşmürəm ki, onu niyə indi oynamırlar?”

 

Baş rejissor əlavə edib ki, teatrın aktyor heyətinin əksər üzvü ilə görüş keçirib: “İstəyirəm ki, aktyorlar öz dərd-sərini rahat şəkildə mənə deyə bilsinlər. 50-yə yaxın aktyorla görüşmüşəm, qalanları ilə də görüş davam edəcək. Nə çətinlikləri, problemləri olacaqsa, bir yerdə həll etməyə çalışacağıq".

 

Teatrda intizam olanda iş normal axarda davam edir. Dünyanın elə bir teatrı yoxdur ki, orda nizam-intizam olmasın. Bundan sonra da çalışacağıq ki, Akademik Milli Dram Teatrında intizam məsələlərinə ciddi baxaq” - deyə Azər Paşa Nemət bildirib.

Müəllif | Apa.Tv
Apa.tv