Bakıda "Sosioloji nəzəriyyələr" kitabının təqdimatı keçirilib
İnqilab Şahbazovun müəllifi olduğu "Sosioloji nəzəriyyələr" kitabının təqdimatı olub. APA TV-nin xəbərinə görə, kitabda sosioloji nəzəriyyənin təşəkkülü və inkişafının bəzi ümumi məsələləri, üç görkəmli mütəfəkkirin - E. Dürkheym, K. Marks və M. Veberin sosioloji nəzəriyyələrinin mahiyyətli xarakteristikası verilib.
Kitab dörd fəsildən ibarətdir.
"Məni kitabı yazmağa sövq edən əsas amil sosiologiyanın inkişafıdır. Apardığım araşdırmalar nəticəsində bələ qənaətə gəldim ki, mən bu sahəni araşdıra bilərəm. Bununla yanaşı, ölkəmizdə artıq müəyyən sorğu mərkəzləri yaranıb, onlar ayrı-ayrı məsələlər üzrə sorğular keçirir, əldə olunan nəticələrlə əhalini tanış edir, diqqəti problemlərə yönəldirlər. Bu da məni bu kitabı yazmağa sövq etdi. Soruşa bilərsiniz ki, niyə məhz Dürkheym, Marks və Veber? Ona görə ki, məhz bu şəxslər sosiologiya elminin banisi sayılırlar", - deyə İ. Şahbazov bildirib.
Müəllif hesab edir ki, sosiologiyanın banisi sayılan bu şəxslər yaşadıqları zamandan çox öncəni görüblər: "Kitabın eksklüziv cəhətlərindən biri ondan ibarətdir ki, burada tənqidlər var. Heç kəsə sirr deyil ki, sosiologiyanın banisi olan hər üç şəxsin müəyyən nöqsanları olub. Bu kitabda həmin nöqsanlar da yer alıb".
Kitabın rəyçilərindən kulturoloq, professor Fuad Məmmədov bildirib ki, bu gün bir Azərbaycan tələbəsinin sosiologiya elminə məhəbbəti yaranırsa, o, bağlı sosial problemlərin araşdırılması yolları haqda düşünürsə, bu özü artıq uğurdur: "Bu baxımdan İnqilab Şahbazovun kitabı təhsilin inkişafı baxımından əhəmiyyətlidir. Özünəməxsus yanaşma və təhlili ilə fərqlənən bu yeni araşdırma işi sosiologiya elminə və bu elmin subyekti cəmiyyətlə bağlı proseslərə böyük maraq doğurur".
Qeyd edək ki, İnqilab Fuad oğlu Şahbazov 6 fevral 1993-cü ildə Naxçıvanda anadan olub. 2010-2012-ci illərdə Böyük Britaniyanın Kembric şəhərində yerləşən CATS kollecində hazırlıq kursu keçib. 2012-2015-ci illərdə Böyük Britaniyanın Şeffild Universitetində sosiologiya ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda London İqtisadiyyat Məktəbinin magistrantıdır.