Kəbədə qaldırıcı kran zəvvarların üstünə aşdı: 107 ölü, 238 yaralı
Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb, 238 nəfər xəsarət alıb. Bu barədə Səudiyyə Ərəbistanı Mülki Müdafiə Nazirliyinin son açıqlamasında bildirilir. Məlumatda qeyd olunur ki, hadisə "Məscidül-Həram" məscidinin genişləndirilməsi işləri zamanı baş verib. Fəlakət vaxtı ildırım çaxıb, güclü yağış yağıb. İldırım vurması nəticəsində Kəbədə tikinti işlərində istifadə olunan kran aşaraq zəvvarların üstünə düşüb. İhlas xəbər agentliyinin məlumatına görə, həlak olan zəvvarlar arasında 2 Türkiyə vətəndaşı var. Bundan başqa 15 türk zəvvarın müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
İldırımdan sonra başlayan leysan yağışları Məkkədə daşqına səbəb olub, şəhərdə nəqliyyatın hərəkətində problemlər yaranıb. Daşqınla əlaqədar yaralıların xəstəxanalara çatdırılmasında yubanmalar baş verib. Qeyd edək ki, Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur. Azərbaycandan Məkkəyə gedən azərbaycanlı zəvvarlar Mədinədə mehmanxanalara yerləşdirilib.
Həcc ziyarəti məqsədilə dünyanın müxtəlif ölkələrindən gəlmiş on minlərlə zəvvar artıq Məkkədədir. Sentyabrın 21-də 3 milyona yaxın müsəlmanın Müqəddəs Kəbəni təvaf edəcəyi gözlənilir.