Regional Məsələlər komitəsi ilk iclasını keçirdi

Milli Məclisin Regional Məsələlər komitəsi payız sessiyasında ilk iclasını keçirib. APA TV xəbər verir ki, iclasda komitə sədri Arif Rəhimzadə ötən sessiyada komitənin fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, bu müddət ərzində komitənin 6 iclası keçirilib və 14 məsələ müzakirə edilib və sessiya müddətində qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin hamısı Milli Məclisdə qəbul olunub. Hesabat dövründə komitənin ünvanına 200 məktub, təklif, ərizə və şikayətə müvafiq qaydada baxılıb. Onlardan 99-u araşdırılması üçün müvafiq təşkilatlara göndərilib.

 

Komitə sədri həmçinin bildirib ki, Azərbaycanda bələdiyyə torpaqlarının mövsümi icarəyə verilməsinə imkan verən qanun layihəsinin qəbul olunması müəyyən təzyiqlər ucbatından ləngiyir. O qeyd edib ki, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna ediləcək əlavələr layihəsidir. Daha sonra çıxış edən komitə üzvü Fəttah Heydərov regionlarda bələdiyyələrin fəaliyyəti barədə danışıb.

 

İclasda payız sessiyasının iş planı da təsdiq olunub. Komitə payız sessiyasının gündəliyinə 4 qanunda dəyişikliklər layihəsinin müzakirəsini daxil edib. Bunlar bələdiyyələrin inzibati ərazi bölgüsü və eyni zamanda hələ adı məlum olmayan, lakin bələdiyyələr ilə bağlı gözlənilən qanun layihələrinə dəyişikliklərdir.

 

Müəllif | Apa.Tv