Türkiyədə PKK-nı dəstəkləyən bələdiyyə sədri işdən çıxarıldı

Türkiyənin Diyarbəkir şəhərində PKK kafedə şorba yeyən polislərə atəş açıb. APA TV-nin Türkiyə saytlarına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 vətəndaş ölüb, 3 polis yaralanıb. Polislər şəhərin Ağqoyunlu səmtində gecə növbəsində olublar. Kafeyə girdikdən sonra onlara silahlı hücum edilib. Atəş iki ofisiantın asayiş keşikçilərinin verdiyi sifarişi masaya gətirdiyi zaman açılıb. Güllələrə də məhz onlar tuş gəliblər. Bir ofisiant hadisə yerində həyatını itirib, digəri isə xəstəxanada keçinib.

Şırnak bölgəsinin Cizrə qəsəbəsində isə 9 gün əvvəl elan edilən fövqəladə vəziyyət götürülüb. İnsanlar artıq küçələrə çıxmağa başlayıblar. Hələlik qəsəbədə bir neçə çörək sexi və aptek fəaliyyətini bərpa edib. Bölgədə baş verən qarışıqlıqlar səbəbindən evlərdə saxlanılan cənazələrin dəfn mərasimlərinə hazırlıqlar görülür.

 

Cizrədə elektrik və su verilişi hələ ki bərpa edilməyib, telefon bağlantılarında da problemlər tam ortadan qaldırılmayıb.
 

Bu arada Türkiyənin Şırnak vilayətinin Cizrə şəhərinin bələdiyyə başqanı Leyla İmret vəzifəsindən uzaqlaşdırılıb.


Xalqların Demokratiya Partiyasından (HDP) bələdiyyə sədri seçilmiş 1987-ci il təvəllüdlü Leyla İmret Daxili İşlər Nazirliyinin qərarı ilə vəzifədən çıxarılıb.

 

Qeyd edək ki, Leyla İmret bir neçə gün əvvəl “VİCE News”a açıqlamasında Türkiyəyə qarşı iç savaş apardıqlarını bildirib. Cizrə Prokurorluğu onun haqqında “Xalqı hökumətə qarşı silahlı üsyana, kin və düşmənçiliyə təhrik etmək, terror təşkilatının təbliğatını aparmaq” ittihamı ilə cinayət işi açıb. 

Müəllif | Apa.Tv
Apa.tv