Prezident paytaxtda təmirdən çıxan məktəblərlə tanış olub

Sentyabrın 12-də Prezidenti İlham Əliyev paytaxtın Xətai rayonundakı 5 nömrəli Bakı Peşə Liseyində həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

 

APA TV-nin məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verib.

 

Bu təhsil ocağı 1971-ci ildə respublikada radio-elektronika sənayesi üçün fəhlə kadrlarının hazırlanması məqsədilə Bakı radio zavodunun nəzdində açılıb. 1996-cı ildə isə məktəbə 5 nömrəli Bakı Peşə Liseyi statusu verilib. Liseydə 2013-cü ildən yenidənqurma işləri başlayıb və yeni emalatxanalar yaradılıb. Bu il isə təhsil ocağının üçmərtəbəli tədris korpusunda təmir işlərinə başlanılıb və yüksək səviyyədə həyata keçirilib.

 

Dövlət başçısı liseydə yaradılan şəraitlə yaxından tanış olub. Liseydə 41 kabinet yaradılıb. Bunlardan 7-si fənn kabineti, 3-ü laboratoriya, 23-ü isə ümumtəhsil fənn kabinetidir. Təhsil ocağında 8 tədris emalatxanası var.

 

2015-2016-cı tədris ilində bir neçə dövlət qurumu və özəl təşkilatın sifarişi əsasında liseydə kadr hazırlığı nəzərdə tutulub.

 

Daha sonra prezident İlham Əliyev Bakının Xətai rayonundakı 264 nömrəli məktəb-liseydə yaradılan şəraitlə tanış olub.

 

Bu təhsil ocağı 1981-ci ildə təsis olunub və elə həmin ildən bu binada fəaliyyətə başlayıb. Məktəb-liseyin binasında indiyədək əsaslı təmir işləri aparılmayıb. Binada yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.

 

Təhsil ocağının həyətində abadlıq və quruculuq işləri görülüb, futbol, voleybol və basketbol meydançaları yaradılıb.

 

Təhsil ocağında tədris ikinövbəli rejimdə aparılır. Məktəbdə Azərbaycan və rus bölmələrində 1399 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 117 müəllim məşğul olur. Şagirdlər 7-ci sinifdən etibarən texniki və humanitar siniflərə bölünürlər.

 

264 nömrəli məktəb-lisey 2008-ci və 2014-cü illərdə ilin ən yaxşı məktəbi seçilib. 2014-2015-ci tədris ilində məktəbi bitirən 98 məzunun 76 faizi ali məktəblərə qəbul olunub. Onlardan 7-si 600-dən yuxarı bal toplayıb.

Müəllif | Apa.Tv
Apa.tv