Bakıda bəzi marşrut avtobuslarının xətləri dəyişdi

Bu gündən Bakıda bəzi marşrut avtobuslarının xətlərində dəyişikliklər olub.

 

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA TV-yə verilən məlumata görə, “BakuBus” MMC-nin 5 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər edilib.

 

Yeni 5 saylı marşrut avtobusunun hərəkət istiqaməti "Nəriman Nərimanov" metro stansiyası - Təbriz küçəsi - Azadlıq prospekti - "28 May" metro stansiyası - Puşkin küçəsi - Azadlıq prospekti - Zərifə Əliyeva küçəsi - Ə.Yaqubov küçəsi - 20-ci sahə olacaq. Bu səbəbdən mövcud xətt üzrə hərəkət edən 20 və 24 saylı marşrut avtobusları xətdən kənarlaşdırılıb.

 

Qeyd edək ki, “BakuBus” MMC-yə məxsus 5 saylı marşrut avtobusu 2 gün test rejimində 8 avtobusla fəaliyyət göstərib. Bu gündən etibarən isə 20-dən artıq avtobus mövcud marşrut xətti ilə fəaliyyət göstərəcək.

 

Yeni tədris ilinin başlanması ilə əlaqədar sərnişin sıxlığı nəzərə alınaraq yeni 5 saylı marşrut avtobusunun istiqaməti üzrə fəaliyyət göstərən 37 və 88 saylı marşrut avtobuslarının mövcud hərəkət istiqamətləri hələlik saxlanılıb.

 

Hərəkət istiqaməti Avtovağzal - "20 Yanvar" metro stansiyası - Badamdar qəsəbəsi - Səbail meydanı - 20-ci sahə olan əvvəlki 5 saylı marşrut avtobusunun isə nömrəsi dəyişdirilərək, 53 nömrəsi ilə əvəzlənib. Yəni əvvəlki 5 saylı marşrut bu gündən etibarən 53 saylı marşrut adı ilə sərnişinlərə xidmət göstərir.

Müəllif | Apa.Tv
Apa.tv