Göyçayda qəzaya uğrayan maşın yandı
Göyçay rayonunda minik avtomobili yanaraq yararsız hala düşüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 228-ci kilometrliyində, Göyçayın Mirzəhüseynli kəndi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 57 yaşlı Yusifov Üzeyir Milan oğlunun idarə etdiyi “Nissan Murano” markalı minik avtomobili yoldan çıxaraq, kənardakı dəmir məhəccərlərə çırpılıb. Avtomobilin mühərrikində qəflətən başlayan yanğın qısa vaxtda onun hər tərəfini əhatə edib. Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı xəsarət almasa da, avtomobil tamamilə yararsız hala düşüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.