Samuxda ferma yandı
Samux rayonunda güclü yanğın hadisəsi baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıqamış kənd sakini Mülayim Məmmədova məxsus fermada qeydə alınıb.
Hadisə zamanı 11 min ədəd ot bağlaması və tövləyə bitişik yarımtikilinin bir hissəsi qismən yanıb. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Samux rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və 20-dən artıq canlı qüvvəsi cəlb olunub. Yanğın güclü olduğundan, Gəncə şəhər Yanğından Mühafizə Hissəsindən də kömək gedib.
Yanğın zamanı tövlədə olan 1500-dən artıq ev quşları və iribuynuzlu heyvanlar xilas edilib. Fermanın qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb. Ferma sahibi Mülayim Məmmədov ehtimal edir ki, yanğın qəsdən törədilib: "Buradan nə elektrik, nə də qaz xətləri keçir. Qəsdlə yandırılıb. O adam buna vərdiş edib. Amma səbəbini deyə bilmərəm".
Faktla bağlı araşdırma aparılır.