Almaniyadan gözlənilməz qərar: sərhəddə pasport nəzarəti tətbiq edildi

Almaniya miqrant axınının öhdəsindən gəlmək üçün ötən gecədən etibarən Avstriya ilə sərhəddə pasport nəzarəti tətbiq etməyə başlayıb.

 

APA TV-nin xəbərinə görə, sərhəddə yüzlərlə polis əməkdaşının iştirakı ilə pasportların yoxlanışı aparılır.

 

Almaniya rəsmiləri bu addımın müvəqqəti xarakter daşıdığını bildiriblər. Dublin razılaşmasına əsasən, iddiaçı sığınacaq üçün ilk daxil olub qeydiyyatdan keçdiyi ölkəyə müraciət edə bilər. Bu səbəbdən də əksər mühacirlər Almaniyaya üz tutmuşdu.

 

Almaniyanın bu qərarından dərhal sonra Avstriya Almaniyaya qatar reyslərini dayandırıb. Macarıstandan Avstriyaya keçən və oradan Almaniyaya getmək istəyən minlərlə mühacir isə bu səbəbdən Vyanada qalıb. Qatar reyslərinin dayandırılmasından sonra dəmiryolu stansiyalarında gözləyən mühacirlər düşərgələrə aparılır. Bəzi mühacirlər bundan imtina ediblər və vağzallarda qalmaqda davam edirlər. Rəsmilər arzulayanların düşərgələrə yerləşdirildiyini bildiriblər. Əksəriyyəti Suriyadan olan qaçqınlar isə Avstriyada qalmaq yox, Almaniyaya getmək istəyir.

 

Son 10 gün ərzində Avstriya vasitəsilə təxminən 35 min miqrantın Almaniyaya keçdiyi bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv