Məleykə Abbaszadə: "690-dan çox bal toplayan abituriyentlər prezident təqaüdünə təqdim edilib"

Bakı Ali Neft Məktəbində yeni tədris ilinin başlaması münasibətilə tədbir keçirilib.


APA TV-nin məlumatına görə, tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, ali məktəbin professor-müəllim heyəti və tələbələr iştirak edib.

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda ali məktəb üzrə ümumi minimal bal 659, ümumi orta bal 676 bal olub. Rektor əlavə edib  ki, I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən 3-ü Bakı Ali Neft Məktəbinə qəbul olunub.

 

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Bakı Ali Neft Məktəbinin qısa müddətdə infrastrukturunun yaradılması, kadr potensialının formalaşdırılması istiqamətində böyük işlər görüldüyünü və bunun nəticəsində yüksək nailiyyətlər əldə edildiyini bildirib. Rövnəq Abdullayev əlavə edib ki, ali məktəbin yeni binası ilin sonunda istifadəyə veriləcək.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə qeyd edib ki, rəhbərlik etdiyi qurumun məqsədi hər bir şagirdin öz biliyinə uyğun nəticə əldə etməsidir. Komissiya sədrinin sözlərinə görə, bu il 30 mindən çox gənc texniki ixtisası seçib. I qrupda 690 bal və ondan çox nəticə göstərən abituriyentlər prezident təqaüdünə təqdim edilib.

  

BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell, Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” kafedrasının baş müəllimi Sənan Eminov və başqaları ali məktəbin nüfuzundan, əldə olunan nəticələrdən danışıblar.

 

Tədbirin sonunda tələbələrə tələbə vəsiqəsi və hədiyyələr təqdim olunub.

 

Müəllif | Apa.Tv