Rövnəq Abdullayev: "Benzinin ucuzlaşması və ya bahalaşması gündəmdə deyil"

2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir. APA TV-nin xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

 

Onun sözlərinə görə, dünya bazarında neftin hazırkı qiyməti dövlət büdcəsinə mənfi təsir göstərir: "Əgər satdığımız malın qiyməti iki dəfədən artıq enibsə, deməli, satışdan alınan gəlir də müvafiq olaraq 2-2,5 dəfə azalır. Bu isə o deməkdir ki, büdcəyə etdiyimiz ödənişlər və gələn il üzrə ödənişlər aşağı düşəcək. Bu təbii prosesdir. Düşünürəm ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir".

 

Rövnəq Abdullayev qeyd edib ki, Azərbaycanda benzinin ucuzlaşması və ya bahalaşması məsələsi gündəmdə deyil: "Azərbaycanda benzinin qiyməti neftin 60-62 dollar qiyməti əsasında hesablanıb. Mən əvvəl də demişəm, indi də deyirəm ki, neftin qiymətinin Azərbaycandakı benzinin qiymətinə heç bir təsiri yoxdur. Bunlar bir-birinə bağlı deyil. Bu qiymətləri Tarif Şurası tənzimləyir. Bir daha deyirəm ki, dünya bazarında neftin qiymətinin düşməsi benzinin qiyməti ilə heç bir bağlılığı yoxdur".

 

"Azərbaycan Dövlət Neft Şirkəti Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin səhmlərinin 66%-nin özəlləşdirilməsində israrlıdır" - deyən Rövnəq Abdullayev bildirib ki, bu məsələdə dəyişiklik gözlənilmir və Yunanıstanda yeni seçiləcək hökumətlə bu istiqamətdə danışıqlar davam etdiriləcək: "Bildiyimiz kimi, Yunanıstanda seçki gözlənilir. Orada seçiləcək yeni hökumətlə DESFA ilə bağlı danışıqlarımızı davam etdirəcəyik. Sentyabr ayına qədər biz bu danışıqları dondurmuşuq".

 

Tərəflər arasında əldə olunan razılığa əsasən, DESFA-nın ARDNŞ tərəfindən özəlləşdirilməsi ilə bağlı əməliyyatın müddəti cari ilin dekabrın 21-dək uzadılıb.

 

Müəllif | Apa.Tv