Bakıdan Sumqayıta "Wi-Fi"lı sürət qatarı ilə - REPORTAJ

Artıq 3 gündür ki, sərnişinlər Bakı-Xırdalan-Sumqayıt sürət qatarından mənzil başına çatmaq üçün istifadə edirlər. İlkin qrafikə əsasən, Bakıdan qatarlar səhər və axşam saat 8-də, əks istiqamətdə isə saat 21:30-da hərəkət edəcək.

 

Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə təşkil olunan press-tur çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İnformasiya-Kommunikasiya Texnologiyaları Şöbəsinin rəisi Samir Qənili deyib ki, ilk üç gün ərzində sərnişinlər qatardan pulsuz istifadə edəcəklər. Tarif Şurasının qərarından sonra Bakı-Xırdalan-Sumqayıt sürətli qatarı üçün gediş haqları məlum olacaq və sərnişinlər bilet almalı olacaqlar.

 

S.Qənili qeyd edib ki, sərnişinlər iki yolla - həm kassa, həm də terminal vasitəsilə bilet əldə edə biləcəklər: “Stansiyada 4 ədəd bilet satış terminalı quraşdırılıb. Sərnişinlər avtomatik işləyən bu terminallar vasitəsilə birbaşa, kassir olmadan pul daxil edib, istədiyi istiqaməti, tarifi seçib bilet almaq imkanına sahib olacaqlar. Bu zaman qalıq pullar da geri qaytarılacaq. Terminaldan istifadə etmək istəməyən sərnişinlər stansiyada olan 2 ədəd kassadan da bilet ala biləcəklər".

 

S.Qənili əlavə edib ki, yaxın gələcəkdə kredit kartı ilə də Bakı-Xırdalan-Sumqayıt qatarına bilet almaq imkanı yaradılacaq. Bundan başqa, yaxın bir neçə ay ərzində “Bakı Kart”dan da istifadə etmək mümkün olacaq.

 

Bu elektrik qatarlarının hər biri 4 vaqondan ibarətdir. Hazırda dayandığımız vaqon isə "biznes sinfinə" məxsusdur. Biznes sinfinə məxsus olan vaqonlar oturacaqlarının genişliyinə görə fərqlənir. Bu vaqonlarda çay, kofe də təklif olunur.

 

"Biznes sinif" qatarların sərnişinləri ancaq biletlərində göstərilən yerlərdə əyləşəcəklər. Adi qatarlarda isə sərnişinlər arzu etdikləri yerlərdə əyləşə bilərlər.

 

Hər bir vaqonda 4 müşahidə kamerası quraşdırılıb. Bundan başqa, vaqonlarda "Wi-Fi" də fəaliyyət göstərir ki, sərnişinlər tam rahat şəkildə internetdən istifadə edə bilsin.

 

Sevindirici haldır ki, əlil insanların qatarlardan rahat istifadə edə bilməsi də nəzərə alınıb. Birinci vaqonda əlil arabası ilə gələn sərnişinlər üçün xüsusi oturacaqlar ayrılıb. Onlar burada əyləşərək rahat şəkildə yollarına davam edə biləcəklər. Əlil arabaları ilə qatarlara minən sərnişinlər üçün xüsusi eskalatorlar quraşdırılıb ki, bu eskalatorların köməyi ilə onlar rahat şəkildə sanitar qovşağına gedə biləcəklər.

 

Elektrik qatarı Keşlə-Biləcəri-Xırdalan-Güzdək stansiyalarını keçərək, 40 dəqiqə ərzində Sumqayıta çatacaq. Bu qatarda hər bir şey elektron idarə olunur. Qatarda hər hansı nasazlıq olarsa, elektron tabloda bu öz əksini tapır. Maşinist dərhal tablonun göstəricisinə əsasən qatarda baş verən nasazlığı aşkar edir və tədbirini görür. Elektron tabloda müəyyən olunmuş və gedilən sürətlər görünür. Bütün yol boyu marşrut üzrə sürətlər yaddaşa salınır. Maşinist istəsə də, 80 km müəyyən olunmuş sürət olan yeri 90-la keçsin, bu mümkün deyil. Bu təhlükəsizlik baxımından çox önəmlidir. Çünki baş verə biləcək hər hansı hadisənin qarşısını alır.

 

Qeyd edək ki,  sentyabrın 15-dən Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 8 elektrik qatarı işləyəcək. Bu marşrutla hərəkət edəcək 8 qatardan 3-ü ikimərtəbəlidir.

 

ADY QSC-nin mətbuat katibi Nadir Əzməmmədov: "8 qatar bu istiqamətdə dövr edəcək. Bunun 3-ü "Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda  istehsal etdiyi ikimərtəbəli qatardır. 5-i isə əsaslı təmirdən çıxmış, Riqadan alınmış qatarlardır".

 

Ümumi sərnişin tutumu 919 nəfər olan qatarda 396 oturacaq var ki, bunlardan da 84-ü biznes sinfinə aiddir. 

 

İlin sonunda ikimərtəbəli qatarlardan ikisi də gətiriləcək və beləliklə, bu xətdə 5 ikimərtəbəli qatar hərəkət edəcək. İlkin qrafikə əsasən, sərnişin qatarları səhər saat 6-dan hər iki istiqamətdə hərəkətə başlayacaq və 40 dəqiqəyə Sumqayıtdan Bakıya və əks istiqamətə çatacaq. Səhər saat 06:00-12:00 aralığında qatarlar həm Bakıdan, həm də  Sumqayıtdan 30 dəqiqə intervalı ilə çıxacaq. 12:00-dan günorta saat 16:00 aralığında elektrik qatarlarının hərəkət intervalı 1 saat olacaq. Günorta saat 16:00-dan gecə saat 24:00 aralığında isə elektrik qatarları yenə 30 dəqiqə intervalı ilə hərəkət edəcək.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova