Rəsul Çunayevdən daha bir möhtəşəm rəqs!
ABŞ-ın Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatında növbəti uğura imza ataraq Azərbaycan yığma komandasına ilk qızıl medalı qazandıran Birinci Avropa Oyunlarının qalibi Rəsul Çunayev bu gün doğulub boya-başa çatdığı Balakən rayonuna gəlib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Balakən şəhərinin girişində pəhləvanı rayonda fəaliyyət göstərən folklor qrupları milli musiqimizin sədaları altında qarşılayıblar.
Yüzlərlə yerli sakinin qatıldığı qarşılanma mərasimindən sonra dünya çempionu Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra Balakən Rayon İcra Hakimiyyətində Rəsul Çunayevlə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələrinin görüşü keçirilib. Bildirilib ki, dünya və Avropa çempionatlarının mükafatçısı, gənclər və yeniyetmələr arasında Avropa çempionu Rəsul Çunayev keçirdiyi bütün beş görüşdə rəqiblərinə heç bir fürsət verməyərək, böyük üstünlüklə onlara qalib gəlib. Finalda isə erməni əsilli Ukrayna güləşçisi Armen Vardanyan üzərində inamlı qələbə qazanıb.
Görüşün sonunda Rəsul Çunayevə Balakən Rayon İcra Hakimiyyətinin xatirə hədiyyəsi təqdim olunub.