Millət vəkilləri Avropa Parlamentini sərt tənqid etdi - MÜZAKİRƏ
Milli Məclisin növbədənkənar iclasında deputatlar Avropa Parlamentini Azərbaycanla bağlı qətnaməyə görə sərt tənqid ediblər. APA TV-nin məlumatına görə, spiker Oqtay Əsədov bildirib ki, bütün beynəlxalq davranış prinsipləri, adi ədəb və nəzakət qaydaları pozulub, tərbiyəsizcəsinə Azərbaycanın siyasi hakimiyyətinə şər və böhtan atılıb:
“Hər dəfə Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul edəndə biz çalışmışıq ki, tarazlı münasibət bildirək və bütün məsələlərin çoxunu açıqlamayaq, ancaq görürük ki, məsələ başqa rakurs alır”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da məsələ münasibət bildirib:
“Avropa Parlamentində bu qətnaməyə səs verən deputatların bir çoxu heç Azərbaycanı tanımır. Bunlar Azərbaycanın beynəlxalq imicini ləkələməyə çalışırlar”.
Vitse-spiker Bahar Muradova bildirib ki, qədim qitəni heç bir ölkənin ərazi bütövlüyünün pozulması narahat etmir, əks təqdirdə Avropa Parlamenti öz obyektiv mövqeyini ortaya qoymalı idi.
ParlameNtin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirİb ki, Avropa Parlamentinin dünənki qətnaməsi hələ ilk Avropa Oyunları ərəfəsində Qərbin Azərbaycana qarşı apardığı qərəzli siyasətin davamıdır.
"Sadəcə, bu qətnamə Azərbaycan dövləti və Azərbaycan hakimiyyəti haqqında daha qərəzli, bəzən isə təhqiramiz ifadələrlə müşayiət olunur. Onlar əmin ola bilərlər ki, həm milli səviyyədə, həm də Avropadakı tədbirlərdə onların adekvat cavabı veriləcək”.
Milli Məclisin deputatı Səməd Seyidov bildirib ki, Azərbaycan Avronest Parlament Assambleyasında iştirakını dayandırmalıdır.
"Bu qərəzli qətnamədən sonra nə düşünək? Biz Avropa Parlamentində sağlam qüvvələrlə birləşib Avronest Parlament Assambleyasında iştirakımızı dayandırmalıyıq”.
YAP-dan olan millət vəkili Siyavuş Novruzov qeyd edib ki, son iki ildə Avropa Parlamentinin qərəzli qətnamələrinin şahidi olublar:
“Növbəti bu bəyanata da etirazımızı bildiririk. Azərbaycanda olan inkişafı gözü götürməyənlərə bildiririk ki, bu mövqelərindən əl çəksinlər. 10-cu maddədə yazılıb ki, Leyla və Arif Yunusun həbs olunmasının səbəbi işğalçı dövlətlə Azərbaycan gəncləri arasında münasibət yaradılmasıdır. Bundan böyük ədalətsiz yanaşma olar?”
Millət vəkili Qüdrət Həsənquliyev Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsini şərh edərkən bu qərarın qəbulunda erməni lobbisinin və islamafobların fəal iştirakının olduğunu deyib.
“Bu faktlar həm erməni lobbisini, həm də Qərb dairələrini qorxudur. Belə təzyiqlərlə Azərbaycanı küncə sıxışdırmaq, Qarabağı işğaldan azad etmək niyyətindən vaz keçirməyə çalışırlar”.
İclasda Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə bağlı millət vəkillərinin fikirləri dinlənilib.