Biləsuvarda piyadanı maşın vurub öldürdü
Biləsuvarda piyadanın ölümü ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 14-də Ələt-Astara magistralının 112-ci kilometrliyində, yolun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolu keçmək istəyən rayon sakini, 1941-ci il təvəllüdlü Bəşir Sərdar oğlu Rufullayev naməlum avtomobil tərəfindən vurulub. Piyada aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qəzanı törədən avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.
Hazırda yol polisi qəzanı törətmiş sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.