Azərbaycanda 143-cü teatr mövsümünün açılışı Gəncədə oldu

Azərbaycan peşəkar milli teatrının 143-cü mövsümünün açılışı Gəncə şəhərində baş tutub.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, bu münasibətlə şəhərdə teatr və incəsənət bayramı keçirilib.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də qatıldığı mərasimdə tanınmış teatr və incəsənət xadimləri, respublika teatrlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

  
Əvvəlcə qonaqlar Heydər Əliyevin abidəsini  ziyarət edib, heykəl önünə tər çiçəklər düzüblər. Tədbir iştirakçıları sonra şəhərin sənət məhəlləsi kimi tanınan Cavad xan küçəsi boyunca təşkil olunan sənət və səhnə bayramına qatılıblar. Burada şəhərin peşəkar və özfəaliyyət musiqi kollektivləri rəngarəng proqramla çıxış ediblər, uşaq yaradıcılıq mərkəzlərinin yetirmələri öz əl işlərini nümayiş etdiriblər, həmçinin Gəncə teatrlarının aktyorları, eləcə də məktəblərin dram dərnəklərinin uşaqları müxtəlif tamaşalardan səhnələr göstəriblər.


Qonaqlar həmçinin Məhsəti Gəncəvi adına İncəsənət Mərkəzini  ziyarət edərək,  Gəncə rəssamlarının əsərlərindən ibarət sərginin eksponatları ilə tanış olublar.

 

Teatr bayramı ərəfəsində Gəncə Dövlət Kukla Teatrının binasının əsaslı təmiri də yekunlaşıb. Qonaqlar onun da açılışında iştirak ediblər. XIX əsrdə tikilmiş məbəddə yerləşən bu teatrın tamaşa salonu genişləndirilib, seyrçi yerlərinin sayı 135-dən 185-ə çatdırılıb.


Axşam isə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşasının premyerası ilə Azərbaycanın yeni teatr mövsümünə start verilib.

Müəllif | Apa.Tv
Azər Məmmədli