İğdırda 13 polisin şəhid olmasında iştirak edən 3 nəfər həbs olundu
Türkiyənin İğdır vilayətində 13 polisin şəhid olduğu terror aktının bəzi detalları məlum olub. İstintaq müəyyən edib ki, partlayış PKK üzvlərinin yola düzdüyü partlayıcılar vasitəsilə yox, partlayıcı yüklü yük maşınının partladılması nəticəsində törədilib.
Əməliyyatçılar hadisənin baş verdiyi ərazidə zirehli polis maşını ilə yanaşı, başqa avtomobilin hissələrini də aşkar edib. Araşdırma nəticəsində bu hissələrin yük maşınına aid olduğu və terror aktının da məhz həmin avtomobil vasitəsilə törədildiyi üzə çıxıb.
Yük maşınının sahibi, eləcə də, İğdırın Yazlıq kəndinin terror aktı hazırlığından xəbərdar olsa da, hüquq-mühafizə orqanlarını məlumatlandırmayan muxtarı saxlanılıb. Hər iki şəxs məhkəmə qarşısına çıxarılıb və barələrində həbs-qətimkan tədbiri seçilib.
O da məlum olub ki, yük maşını terrordan əvvəl üç gün ərzində Bulaqbaşı kəndindəki samanlıqda gizlədilib. Burada maşına partlayıcı yüklənib və hadisə günü səhər tezdən yol kənarına gətirilib.
Avtomobilin sahibi bir müddət əvvəl yük maşının üç PKK üzvünə satıb. Bundan iki sonra isə maşın sahibi avtomobilinin itməsi ilə bağlı polisə müraciət edib.
İstintaq müəyyən edib ki, 13 polisin şəhid olduğu terror aktını bir terrorçu həyata keçirib. Partlayıcı yüklənmiş avtomobili uzaqdan idarə olunan pultla partladan terrorçu daha sonra ərazidən keçən bir kəndlinin traktorunu əlindən alaraq Ağrı dağı istiqamətində qaçıb.
Terror aktı ilə əlaqəsi olan daha iki nəfər barəsində axtarış elan edilib.