Prezident danışıqlara getmədi, Yəmən yenə bombalandı

Səudiyyə Ərəbistanının başçılıq etdiyi "ərəb koalisiyası" Yəmənin paytaxtı Sənaya bir neçə aviazərbə endirib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bölgəyə nəzarət edən husi üsyançılarının 10 döyüşçüsü öldürülüb.

Hədəfdə Yəmən Hərbi Hava Qüvvələrinin qərargahı, Respublika Qvardiyası Akademiyasının binası və şəhərin şimal rayonları olub.

Son vaxtlar ölkənin Mərib əyalətində hər iki tərəfin ciddi itkilər verdiyi bildirilir. Həmin ərazidə hazırda da ağır döyüşlərin getdiyi vurğulanır.

BMT isə qarşıdurma tərəflərini sülhə çağırmaqda və danışıqlara getməkdə davam edir.

 

"Siyasi dialoqsuz keçən hər ötən gün daha çox ölüm və fəlakət gətirir. Hazırda 21 milyon yəmənli humanitar yardım gözləyir, onların buna ehtiyacı var" deyə beynəlxalq təşkilatın nümayəndəsi Stefan Düjarrik qeyd edib.

Bu arada üsyançıların əlindən Səudiyyə Ərəbistanına qaçan Yəmən prezidenti Əbd-Rəbbo Mansur Hadi növbəti dəfə husilərlə danışığa getməkdən imtina edib. Onun tələbinə görə, üsyançılar silahı yerə qoymalı və Sənanı tərk etməlidirlər.

Müəllif | Apa.Tv
Apa.tv