Birincilərin ilk məktəb günü
İlk dərs günü, ilk zəng, ilk sevinc... Bu gün 15 sentyabr orta və ali təhsil müəssisələrində yeni tədris ilinə start verilib. APA TV-nin çəkiliş qrupu da “Bilik günü”ndə paytaxtda bir neçə məktəbə baş çəkib.
"Bilik günü" - ilk həyəcan ,hər tərəfdə gül-çiçək, ağ lentlər və təbii ki, sülh, birlik haqqında birinci dərslər. Məktəbə ilk dəfə qədəm qoyan birincilər üçün səbirsizliklə gözlənilən bir gün...
15 sentyabr eyni zamanda şagirdlər, tələbələr, müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığını qeyd etdikləri bayram günüdür. Hər halda müəllimlər də bu fikirdədir.
Əllərində gül-çiçək tutan birincilərin bəziləri məktəbə getdiyi üçün sevinir, bəziləri isə qorxduğunu deyir.
Ərköyün birincilər dərs olmasına baxmayaraq dərs zamanı yemək də yeyirdilər.
Tədbirin ən maraqlı hissəsi isə balaca məktəblilərin çıxışları oldu. Onlar məktəbə ilk qədəmlərini qoysalar da vətənə, anaya, müəllimə aid şeirləri çox məharətlə söylədilər.
Saatın əqrəbləri 9:05-i göstərir və nəhayət, hamının səbirsizliklə gözlədiyi an. Məktəbin ilk zəngi çalınır. Artıq hər kəs bu zəngdən sonra öz məsuliyyətini hiss etməyə başlayır. Yeni tədris ilinə start verilir. Hamı öz sinif otağına tələsir. 1-cilər də, 11-cilər də.
Bu tədris ilində Azərbaycanda 150 mindən çox uşaq birinci sinfə gedəcək. 2015-2016-ci tədris ilində 2445 müəllim ilk dəfə işə başlayacaq.6+
Biz də ilk olaraq birinciləri bu bayram münasibətilə təbrik edirik və onlara zehin açıqlığı arzulayırıq.