Məktəbdə ilk dərs günü - MİLLƏT VƏKİLLƏRİNİN XATİRƏLƏRİ

Məktəbdə çalınan ilk və son zəngin səsində nəsə qəribə bir nostalji olur. Düzdü, məktəbdə oxuyan şagirdlər üçün bu səs hələ heç nə deməsə də, ömrün bəlli bir məqamına çatan insanlarda bu mis parçasının səsi sanki çoxdan baş vermiş şirin bir nağılın melodiyası kimi səslənir.

 

İlk dərs gününü yəqin ki, hamı xatırlayır. Yaşanan ömrün bütün anlarında bu xatirə sənin yadına düşür - ilk müəllimin, ilk parta yoldaşın, ilk eşitdiyin sözlər. Maraqlıdır, tanınmışlar ilk dərs günlərini necə xatırlayırlar?

 

APA TV  bu sualla millət vəkillərinə müraciət edib.

 

Professor Nizami Cəfərov deyir ki, ilk dərs günü onun üçün unudulmayan günlərdəndir:

 

"Bəlkə də günlərin ən gözəlidir bu gün. İlk gün, yəni ilk dərs inanmıram ki, kimsə tərəfindən unudulsun. Çünki bu yolu qorxa-qorxa, bəzən isə ürəklə gedən uşaqlar olur. Əslində mənim üçün inanılmaz dərəcədə gözəl bir xatirədir".

 

Mİllət vəkili Elton Məmmədovun da cavabı maraqlıdır: "Çox həyəcanlı idim, sevinirdim. Elə bilirdim gələcəyə baxışdır. Kənd məktəbində ilk dəfə birinci sinfə getmişəm. Elə ona görə yaxşı oxuyub kənd yerində çəkdiyim əziyyətləri  geridə qoymağı düşünürdüm. Ali təhsil alım, paytaxtda yaşayım..."

 

Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə ilk dərs gününü kövrələrək xatırlayır: "Hesab edirəm ki, mənim üçün ən xoş xatirələrdən biridir. Altı yaşım vardı, məni məktəbə götürmək istəmirdilər. Çox şuluq olmuşam. Çətinliklə götürdülər məni məktəbə. Buzovnada 206 saylı orta məktəbi bitirmişəm. Yaxşı oxumuşam".

 

Millət vəkili Çingiz Qənizadənin ilk dərs günündən yadında qalan bunlar olub: "Yuxu kimi xatırlayıram ilk dərs günümü. Rəhmətlik atam aparmışdı məni məktəbə. O qədər arıq cılız bir uşaq idim. Həyəcanımdan çox şeyi xatırlamıram".

 

Millət vəkili Fazil Mustafa isə həmkarlarından fərqli olaraq, Bilik gününü indi də səbirsizliklə gözlədiyini deyir: "Çox səliqəli geyindirmişdilər məni. Anam aparmışdı. İlk müəlliməm də Məsmə Hacıyeva idi. Bizi o qədər xoş və gülərüz qarşılamışdı ki, sevinirdik. İlk gündən həvəsim böyük olub məktəbə. Birinci sinfə gedəndə artıq sərbəst yazıb-oxuya bilirdim. Hər halda, 1 sentyabrla 15 sentyabrın fərqi böyükdür. Çünki 15 sentyabrda o duyğuları yaşamaq olmur. Elə bil 1 sentyabr özünəməxsus məktəb günüdür. Bunu dəyişəndə məktəbin də özünəməxsusluğu itir".

 

Bəli, illər yel qanadlıdır. Məhz elə buna görə də millət vəkilləri sanki sehrli bir söz eşidibmişlər kimi sualımızdan bir an duruxub, səslərinin tonunu dəyişdirdilər, kövrək və nostalji notları ilə o günü xatırladılar. Qayğısız, xoşbəxt, dəcəl vaxtlarından həvəslə söz açdılar.

 

Müəllif | Apa.Tv
Apa.tv