FHN Akademiyasında “Bilik Günü” münasibətilə tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Bilik Günü” münasibətilə tədbir keçirilib. APA TV-nin məlumatına görə, tədbirdə fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, nazirliyin nümayəndələri, akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak edib.
Əvvəlcə, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin akademiyanın həyətində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyublar.
Sonra nazir müavini Faiq Tağızadə kursantları təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıb. Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov çıxış edərək bildirib ki, açılışında Azərbaycan prezidenti cənab İlham Əliyevin iştirak etdiyi FHN Akademiyasının binası növbəti tədris ilində yeni kursantları qəbul edir. Dövlətimizin başçısının yüksək qayğısı ilə əhatə olunmuş gənclər bu ali təhsil ocağında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində zəngin bilik və bacarıqlara yiyələnəcəklər.
FHN Akademiyasına yüksək balla qəbul olunmuş kursant Nicat Bayramlı çıxış edərək dövlət başçısına təhsilə göstərdiyi yüksək diqqət və qayğıya görə kursantlar adından təşəkkürünü bildirib.
Sonra 2014-2015-ci tədris ilində “Ən yaxşı tədris tağımı” müsabiqəsinin qalibi olmuş tağım FHN Akademiyasının bayrağını meydana gətirib və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.