Prezident: “Budurmu Avropa dəyərləri, bəs haradadır tolerantlıq, multikulturalizm?”

“Heç bir kənar qüvvə bizim iradəmizə, müstəqilliyimizə təsir edə bilməz. Nə qədər çalışsalar da bunun heç bir əhəmiyyəti yoxdur. Bizə qarşı yönələn təzyiqlər, təhdidlər, hücumlar da müstəqil siyasətimizə görədir”. APA TV-nin məlumatına görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev 148 nömrəli məktəbin kollektivi ilə görüşündə deyib.

Prezident bildirib ki, bəzi qüvvələr Azərbaycanı özlərinə tabe etmək istəyir:

“Bu, mümkün deyil. Çünki bizim uğurlu inkişafımız ancaq müstəqil siyasətdədir. Müstəqil siyasət xalqımızın iradəsinə, milli dəyərlərimizə və maraqlarımıza əsaslanır. Bizim üçün ilk növbədə Azərbaycanın maraqlarıdır, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, rifahıdır.

Görəndə ki, bu təzyiqlər və şər-böhtan kampaniyaları səmərə vermir, başqa üsullara əl atırlar. Biz buna hazırıq, layiqli cavabımızı veririk və verəcəyik. Elə etməliyik ki, bizim uğurlu inkişafımıza heç bir kənar qüvvə mane olmasın. Əminəm ki, belə də olacaq”.

Dövlət başçısı Azərbaycanda internet istifadəçilərinin sayının 75 faizə çatdığını deyib:

“Balaca uşaqlar da internetdən bizdən yaxşı istifadə edirlər. Bütün informasiyalar da göz qabağındadır. Görün indi Avropada hansı dəhşətli hadisələr baş verir, müharibədən qaçan yazıq insanlara, qaçqınlara hansı işgəncələr verirlər. Budurmu Avropa dəyərləri?! Budurmu uzun illər bəyan etdikləri prinsiplər?! Bəs haradadır tolerantlıq, haradadır multikulturalizm, xeyirxahlıq, mərhəmət, haradadır?! Biz bunu görmürük. Nəyi görürük, ədavət, dini, milli zəmində ədavət, ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamofobiya, faşizm, irqçilik. Budurmu dəyərlər?! Bəziləri bunları bizdə də tətbiq etmək istəyirlər. Belə dəyərlər bizə lazım deyil. Qoy, özləri üçün qalsın.

Bu gün Avropa məkanında yaşanan böhran mənəvi böhrandır, mənəvi sarsıntıdır. Avropa dəyərləri demək olar ki, onların bəyan etdikləri kimi görünmür, biz bunu görmürük. Ona görə, bu gün dünya dəyişir, beynəlxalq hüquq pozulur, bəzi ölkələr və dairələr iç üzlərini açırlar, daha pərdələnə bilmirlər. Ona görə, biz buna hazır olmalıyıq”.

Dövlət başçısı bildirib ki, heç bir kənar qüvvə Azərbaycanın iradəmizə təsir edə, ölkəni müstəqillik, azadlıq yolundan döndərə bilməz.

 

Müəllif | Apa.Tv
Apa.tv