Prezident Rusiyanın səhiyyə nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın səhiyyə naziri xanım Veronika Skvortsovanı qəbul edib.

APA TV-nin “Azərtac”a istinadən verdiyi məlumata görə, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılışını əlamətdar hadisə kimi dəyərləndirən dövlət başçısı Rusiyanın nüfuzlu ali təhsil ocaqlarından artıq ikincisinin ölkəmizdə fəaliyyətə başladığını vurğulayaraq bu universitetdə də təhsilin yüksək səviyyədə olacağına əminliyini bildirib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində mükəmməl səviyyədə təhsil aldığını qeyd edən Rusiyanın səhiyyə naziri Veronika Skvortsova Mehriban Əliyevanın bu ali təhsil ocağını əla qiymətlərlə bitirdiyini və bunu təsdiq edən sənədlərin universitetin muzeyində saxlanıldığını məmnuniyyətlə deyib. Rusiyanın səhiyyə naziri Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında təhsilin nəzəri və praktiki hazırlıq baxımından ən yüksək və müasir səviyyədə olacağına əminliyini ifadə edib.

Prezident Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması ideyasının qısa vaxt ərzində uğurla həyata keçirildiyini deyib. Azərbaycanda səhiyyə sahəsində görülən işlərə toxunan dövlətimizin başçısı paytaxtda və regionlarda ən müasir tibb ocaqlarının inşa edildiyini və yüksək tələblərə cavab verən tibbi avadanlıqla təchiz edildiyini diqqətə çatdırıb. Dünyada səhiyyənin sürətlə inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev Azərbaycanda da əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərilməsinə böyük diqqət ayrıldığını bildirib.

Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində inkişaf etdiyi bildirilib və bu sahədə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv