Çex Respublikasının prezidenti Azərbaycanda səfərdədir
Azərbaycana rəsmi səfərə gələn Çex Respublikasının prezidenti Miloş Zemanın rəsmi qarşılanma mərasimi olub. APA TV-nin “Azərtac”a istinadən yaydığı məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Çex Respublikasının prezidenti Miloş Zemanı və xanımı İvana Zemanovanı qarşılayıblar. Fəxri qarovul dəstəsinin rəisi Çex Respublikasının Prezidentinə raport verib. Çex Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Çex Respublikasının prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Miloş Zemana, Çex Respublikasının nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Çex Respublikası prezidentlərinin təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bu səfərin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Əlaqələrimizin möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulanıb.
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.