Qubada "maqnit uşaq" tapıldı

Qubada azyaşlı uşaq bədəninə metal əşyalar yapışdırmaqla hamının marağına səbəb olub. APA TV-nin məlumatına görə, 5 yaşlı Zülfüqarov Əli Hikmət oğlu bədəninə metal qaşıqlar, çəngəl və bıçaqlar, açar və digər dəmir əşyalar yapışdırır. Onu rayonda “Maqnit uşaq” adlandırırlar. Əli, sinəsində və kürəyində eyni vaxtda 20-yə yaxın metal əşyanı əl vurmadan saxlaya bilir. Əlinin bədənindəki bu qeyri-adi güc təsadüf nəticəsində məlum olub. Belə ki, televiziya kanallarının birində xarici ölkədə yaşayan “Maqnit adam”la bağlı efirə gedən videosüjet onun marağına səbəb olub və bundan sonra Əli metal əşyaları sinəsinə yapışdırıb. Bununla da o, qeyri-adi gücünü kəşf edib. İndi balaca Əlinin bir məqsədi var, dünya rekorduna imza atmaq.

 

"15-dən çox qaşıq, çəngəl yapışdıra bilirəm. İstəyirəm dünya rekorduna sahib olum və Azərbaycanımızı tanıdım".

 

Onu da bildirək ki, ailə üzvləri arasında yalnız Əli bu qeyri-adi gücə malikdir. Onda olan bu qəribə istedadın nədən qaynaqlandığı hələlik məlum deyil. Həkimlər isə  Əli Zülfüqarovun səhhətində hansısa problemin olmadığını və onun tam sağlam olduğunu bildirirlər.

 

Müəllif | Apa.Tv
Vəli Turan