Türkiyədə PKK 3 polisi şəhid etdi, 9 terrorçu məhv edildi

Türkiyənin Mardin vilayətində növbəti terror aktı törədilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terrorçuları vilayətin Nuşaybin rayonunda zirehli avtomobili partladıblar. İçərisində polislərin olduğu zirehli avtomobilin partladılması nəticəsində 3 polis şəhid olub, biri ağır yaralanıb.

 

Terrorçular əvvəlcədən basdırdıqları partlayıcı qurğunu zirehli avtomobil yoldan keçərkən işə salıblar. Ərazidə irimiqyaslı əməliyyatlara başlanıb, rayonun giriş-çıxışı nəzarətə götürülüb.

 

Siirt vilayətinin Eruh və Pürvari rayonlarında terrorçuların zərərsizləşdirilməsi istiqamətində keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 9 terrorçu məhv edilib.

 

Eruhda hərbi bazaya silahlı hücum edilib. Hərbçilərin cavab atəşi ilə terrorçular geri çəkilib, onlardan 6-sı öldürülüb.

 

Pervari rayonunda isə terrorçuları təqib edən hərbçilər onlardan 3-ü məhv ediblər.

Müəllif | Apa.Tv
Apa.tv