Suriya prezidenti: “Türkiyə ABŞ-ın icazəsi olmadan...”
Suriya prezidenti Bəşər Əsəd Türkiyəni kəskin ittiham edib. APA TV-nin Rusiya KİV-lərinə istinadən xəbərinə görə, Suriya rəhbəri ölkə ərazisində İŞİD mövqelərinə zərbələr endirən dövlətləri bu addımı rəsmi Dəməşqlə razılaşdırmadan atdıqlarını deyib. Əsəd əsasən rəsmi Ankaranın mövqeyini tənqid edib. O, Türkiyə-Suriya sərhədində İŞİD terrorçularından azad olunmuş zonanın yaradılması ideyasına toxunub.
"Türkiyə sərhədindən İŞİD-dən təmizlənməsi bizə ölkəmizin digər ərazilərində də terrorçuların olmayacağı qarantiyasını vermir. Terrorizm hər yerdən təmizlənməlidir. Onların indi danışdıqlarını biz otuz ildir deyirik. Biz bu illər ərzində dəfələrlə qeyd etmişik ki, terrorçuluğa qarşı mübarizə üçün beynəlxalq alyans yaradılmalıdır. Qərbin və onunla əməkdaşlıq edən qonşumuz olan ölkələrin əsas məqsədi Suriyanın hazırkı hakimiyyətinə qarşı silahlı müxalifəti və İŞİD-i silah, pul və könüllülərlə təmin etməkdir. Bu istiqamətdə Türkiyənin aktiv olduğu bizim üçün sirr deyil. Ərdoğan və Davudoğlu ABŞ-ın icazəsi olmadan buna son verməyəcəklər. Çünki Qərb Yaxın Şərqdə İŞİD və digər terror qruplaşmalarından "kozır kartı" kimi istifadə edir. Bu gün onlar "Cəbhət Ən-Nüsra"nı İŞİD-ə qarşı qoymaq istəyirlər. Çünki İŞİD-ə artıq o dərəcədə nəzarət edə bilmirlər. Amma bu o demək deyil ki, onlar İŞİD-i bir dəfəlik məhv etmək istəyirlər. İstəsəydilər, çoxdan edərdilər. Amma bizim üçün o qruplaşmaların heç bir fərqi yoxdur, onlar terrorçudurlar. Biz terrorçularla əlaqəsi olmayan istənilən dövlətlə əməkdaşlıq etməyə açığıq. Amma onları qidalandıranlarla yox", - deyə Əsəd bildirib.