Bakıda dini və milli tolerantlığa həsr olunmuş beynəlxalq forum başlayıb

"Azərbaycan artıq bu gün sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində aparıcı ölkə statusunu qazanıb. Ümumiyyətlə, bu bir faktdır ki, Azərbaycan çox dinli, çox millətli bir dövlət olmaqla bütün dünya üçün öz dəyərini göstərə bilib. Bu nümunədən bir sıra ölkələr örnək götürməlidir".  APA TV-nin məlumatına görə, bu fikirləri bu gün Bakıda keçirilən "Dini və Milli Tolerantlıq-Millətlərarası Münasibətlərin İnkişaf etdirilməsində medianın rolu" beynəlxalq forumunda Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan ənənəvi tolerant ölkədir və ölkəmizdə heç vaxt dini zəmində münaqişələr olmayıb.

 

"Burada yaşayan digər xalqlara qarşı hörmətlə yanaşılıb. Tarixə baxdıqda görərik ki, burada yaşayan başqa xalqlar həmişə dözümlü yaşayıblar. Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, bu dövlətimizin uğurlu siyasətinin göstəricisidir. Belə ki, Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsində aparılır".

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə keçirilən forumda BAMF sədri Umud Mirzəyev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, xarici ölkələrin Azərbaycandakı səfirləri, ziyalılar, ictimaiyyət xadimləri iştirak edirlər. Forum bir neçə gün davam edəcək.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı