Rayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılma məhdudiyyəti azaldılır - RƏSMİ

Yük və rayon qeydiyyatında olan minik avtomobillərinin yay və qış rejimlərində Bakıya buraxılmasına dair fərqli qrafik müəyyənləşdirilib.

 

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən yay rejimi  qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, yük və rayon qeydiyyatında olan minik avtomobilləri axşam saat 22:00-dan səhər saat 7:00-a qədər şəhərə daxil ola biləcəklər.

 

Qış rejimi qrafikinə əsasən, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, axşam saat 21:00-dan səhər saat 7:00-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil olacaq.

 

Gündüz saatlarında kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti isə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında təşkil ediləcək. 

Müəllif | Apa.Tv
Apa.tv