Göyçayda qasırğa: ağaclar yerindən qopdu, evləri su basdı, elektrik kəsildi

Ötən gecədən başlayaraq əsən güclü külək və leysan yağışları Göyçay rayonunda ciddi fəsadlara səbəb olub. APA TV-nin yerli bürosunun xəbərinə görə, iki saatdan çox əsən güclü küləyin təsiri nəticəsində Göyçay şəhərinə və kəndlərə elektrik enerjisinin verilişi dayanıb. Güclü külək bir neçə ağacı, elektrik və rabitə dirəyini aşırıb, naqillər qırılaraq sıradan çıxıb. Leysan və külək meyvə-tərəvəz məhsullarına da ciddi ziyan vurub. Ağaclardakı meyvələr tökülüb, pomidor şitilləri tələf olub, evlərin zirzəmisini su və lil basıb.

   

Bir neçə yerdə iri gövdəli ağaclar tövlələrin, yardımçı tikililərin, sahibkarlıq obyektlərinin üzərinə düşüb. Göyçay şəhərində külək evlərin və yardımçı tikililərin dam örtüyünü qoparıb. Qasırğaya çevrilən külək səhər saat 5-dək davam edib.

 

Hazırda rayonda elektrik və rabitə xətlərinin bərpası üçün tədbirlər görülür, evlərin üstünə və küçələrə yıxılan ağaclar kəsilərək ərazidən götürülür. Rayon fövqəladə hallar komissiyasının nümayəndələri küləyin təsiri nəticəsində ziyan çəkən vətəndaşların müraciətlərini qəbul edir, evlərə, obyektlərə baxış keçirilir, dəyən ziyanın məbləği hesablanır.
 

Müəllif | Apa.Tv
Elvin Yaqubov