DSMF: Qurban bayramına qədər bütün pensiyalar veriləcək
Dövlət Sosial Müdafiə Fonduna (DSMF) transfer şəkildə ayrılan məbləğdə heç bir azalma yoxdur. Əksinə məcburi sosial haqları üzrə daxil olmalarda artım nəzərdə tuturuq. Bunu DSMF-nin sədri Elman Mehdiyev deyib. O bildirib ki, növbəti ildə qurumun büdcəsi artımla proqnozlaşdırılır.
"Biz 3 milyard 8 milyon manat gəlir və xərclərini proqnozlaşdırırıq ki, bu da cari ilin səviyyəsindən təqribən 22 milyon manat çoxdur. Bu gəlirlərin formalaşmasının 1 milyard 100 milyon manatı 2015-ci ildə nəzərdə tutulmuş səviyyəyə uyğun olan hissəsi, yəni - burada da heç bir azalma yoxdur, dövlət büdcəsinin transferi hesabına reallaşdırılacaq. Yerdə qalan 1 milyard 978 milyon manatlıq hissəsi isə məcburi sosial sığorta gəlirləri hesabına toplanacaq".
Bundan başqa o qeyd edib ki, DSMF hər ay pensiya və müavinətlərin maliyyələşdirilməsini qrafikdən əvvəl yekunlaşdırır. Növbəti ayda Qurban bayramına qədər pensiyaların bütünlüklə maliyyələşməsini həyata keçirəcəyik.
Sədr bildirib ki, Azərbaycanda milli ödəniş sisteminin təkmilləşdirilməsi barədə DSMF Mərkəzi Bankla müzakirələri davam etdirir. Əlavə edib ki, Mərkəzi Bank Azərbaycanda milli ödəniş sisteminin təkmilləşdirilməsi üçün geniş miqyaslı islahat proqramlarını davam etdirir.
"Bu proqramlar çərçivəsində bizim qaldırdığımız məsələ də bir bankın bankomatından müxtəlif digər bankın pensiyaçılarının qeydiyyatında xidmətində olan pensiyaçıların istifadə etməsi məsələsidir. Yəni bir pensiyaçı müxtəlif bankların bankomatlarından istifadə edə bilsin. Mərkəzi bankın apardığı islahatlarla reallaşdırılması hədəflənir".
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən daha 3 yeni elektron xidmət istifadəyə verilib. “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” və “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” elektron xidmətləri ilə bağlı təqdimat mərasimi keçirib.