“Arzuolunmaz şəxslər” prezidenti İlham Əliyevə müraciət ediblər

Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etdiyinə görə adları

 

“arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş şəxslərdən bir neçəsi bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevə və Xarici İşlər Nazirliyinə müraciət edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA TV-yə verdiyi məlumata görə, həmin şəxslər adlarının həmin siyahıdan çıxarılmasını xahiş edir.

 

Nazirlik rəsmisi adlarını “arzuolunmaz şəxslər” siyahısından çıxarmaq istəyən şəxslərdən bəzilərinin adlarını da çəkib.

 

Elman Abdullayevin sözlərinə görə, onlara ünvanlanan məktublarda həmin şəxslər aldadıldıqlarını deyir, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını qeyd edirlər. Müəlliflər məktubda bundan sonra belə səfərlər etməyəcəkləri də vurğulayırlar.

 

Nazirlik sözçüsü bildirib ki, bu müraciətlərə baxılacaq və dəyişikliklər olarsa, bu “arzuolunmaz şəxslər” siyahısında öz əksini tapacaq.

 

Dağlıq Qarabağda fəaliyyət göstərən şirkətlər haqda danışan Elman Abdullayev onu da qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə investisiya qoyan şirkətlər erməni diasporu və lobbisi tərəfindən yaradılıb. Yatırılan investisiyaların kiçik həcmli olduğunu deyən diplomat bildirib ki, Dağlıq  Qarabağın inkişafı yalnız Azərbaycan Respublikasının tərkibində mümkündür.

 

Müəllif | Apa.Tv