Aydın Əliyev: "Bu il fiziki şəxslər Azərbaycana 500 minə yaxın mobil telefon gətirib"
"Fiziki şəxslərin gətirdikləri mobil telefonların sayı şirkətlərin gətirdiyi mobil telefonların sayından 35 dəfə çoxdur. Bu ilin 8 ayında fiziki şəxslər tərəfindən xaricdən Azərbaycana 500 minə yaxın mobil telefon gətirilib". APA TV-nin xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
"Bu, artıq bir ticarət növünə çevrilib. Bəzi dırnaqarası işbazlar bundan sui-istifadə edirlər".
Komitə sədri xaricdən ölkəyə gətirilən mobil telefonlara görə məhdudiyyətin tətbiq edilməsi ilə bağlı hökumətə müraciət etdiklərini xatırladıb. Yeri gəlmişkən bu gün Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinin Dəniz Limanları, Gömrük və Cəbəl Əli Azad Zona Komitəsinin sədri Sultan Əhməd bin Sulayem Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşüb. Komitə sədri Azərbaycanla BƏƏ-ni birləşdirən bir çox amillərin olduğunu vurğulayıb. Aydın Əliyev ÜGT-nin xətti ilə böyük tədbirlərin reallaşdırılmasının ölkəmizin gömrük sisteminə böyük töhfə verdiyini vurğulayıb.