İsmayıllıda toyu ərəfəsində özünü asan gənc komadadır - TƏFƏRRÜAT

İsmayıllı rayonunda müəmmalı intihara cəhd hadisəsi törədilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Mican kənd sakini 1991-ci il təvəllüdlü Hidayətov Asiman Nəriman oğlu yaşadığı evin zirzəmisindən özünü kəndirlə asıb. Asimanın dayısı İttifaq Məmmədov bildirib ki, Asiman Hidayətov nişanlıdır. Sentyabrın 20-də onun toy mərasimi olacaqmış. Bir neçə gün öncə isə onun nişanlısı olan qızın toy mərasimi olub. Divar kağızı və lepka ustası kimi tanınan Asiman Hidayətovun özünə qəsd etməsinin əsas səbəbi nişanlısının onunla evlənməkdən imtina etməsi olub. İttifaq Məmmədov deyib ki, naməlum şəxslər Asiman barədə onun nişanlısına xoşagəlməz sözlər deyiblər, onun guya narkoman olduğunu və mütəmadi olaraq spirtli içki qəbul etdiyini bildiriblər. Asiman sevdiyi qız tərəfindən ona uyğun olmayan sözləri eşidib və evlənməkdən imtina cavabı alıb. O camaat arasında özü barəsində pis şaiyə yayılmasından hiddətlənərək özünü asıb. 

 

Qeyd edək ki, Asiman Hidayətov ağır vəziyyətdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda o koma vəziyyətindədir. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Elvin Yaqubov