Masazır yolunda ağır qəza: sürücünü maşından xilasedicilər çıxardı

Abşeron rayonu ərazisində iki avtomobil toqquşub. APA TV-nin məlumatına görə, qəza Masazır-Novxanı yolunda baş verib.

 

26 yaşlı Babayev İmran Niftəli oğlunun idarə etdiyi "Ford" markalı kiçik tutumlu yük maşını Masazır qəsəbəsindən Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşıdan gələn və Əliyev Mehdi İbrahim oğlunun idarə etdiyi "Opel" markalı minik maşını ilə toqquşub. Zərbə güclü olduğundan, avtomobillər ciddi deformasiyaya uğrayıb.

 

Qəza nəticəsində "Opel"in sürücüsü Mehdi Əliyev xəsarət alıb. Onun deformasiyaya uğramış avtomobildən çıxarılması üçün hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməyinin xilasediciləri cəlb ediliblər. Ağır vəziyyətdə avtomobildən çıxarılan sürücü 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

 

Əraziyə Abşeron Rayon Polis İdarəsinin əməliyyat-istintaq qrupu və YPX müfəttişləri cəlb olunub. İşi araşdıran Abşeron RPİ-nin istintaqçılarının ilkin ehtimalı belədir ki, "Opel" markalı avtomobilin sürücüsü yolayırıcı xəttin tələbini pozaraq qarşıdan gələn avtomobillərin hərəkət zolağına çıxıb. Araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv