Saatlıda 19 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu çəkilir
Saatlı rayonunun 19 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi davam edir. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Azərbaycan prezidentinin sərəncamına əsasən, Saatlı rayonunun Sarıcalar, Qara Nuru, Şirinbəyli, Fətəlikənd və Azadkənd kəndlərini birləşdirən uzunluğu 39 km olan avtomobil yolunun tikintisi sürətləndirilib. Yolun artıq 9,5 kilometrdən çox hissəsinə asfalt örtüyü döşənib. 51 min əhalinin istifadə edəcəyi yolda tikinti işlərinin surətlə aparılması üçün işə bütün lazımi maşın-mexanizm cəlb olunub. Kəndləri birləşdirən yolun asfalt örtüyü üçqat olmaqla 15 sm olacaq. Bu isə ağır tonnajlı maşınların da müntəzəm hərəkət etdiyi yolun uzun müddət istismar olunmasına imkan verəcək. Tikinti zamanı mövcud olan iki körpü əsaslı təmir olunacaq, 7 suötürücünün boruları yeniləri ilə əvəzlənəcək. Yolun tikintisinin başa çatması ilə 19 yaşayış məntəqəsinə gediş-gəliş yaxşılaşacaq. Uzun müddət yolsuzluqdan əziyyət çəkən kəndlərin əhalisi bu yolun vacib layihə olduğunu qeyd edib.